Milli Depozit Mərkəzinin İnkişaf Strategiyası yaxın günlərdə ictimaiyyətə açıqlanacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə hazırlanmış Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının yaxın günlərdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
ENA.az bu barədə MDM-ə istinadən xəbər verir.
Hələlik isə qurum ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələri üçün sənədin təqdimatını keçirib. Tədbirdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev təşkilatın yeni strateji baxışı və missiyası barədə məlumat verərək, strategiyanın hədəfləri, onlardan irəli gələn təşəbbüs və fəaliyyətlər barədə ətraflı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, qeyd edib ki, Strategiyada MDM-in transformasiyası, o cümlədən təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş imkanlar təqdim edən quruma çevrilməsi nəzərdə tutulub. Bununla yanaşı, qiymətli kağızlar üzrə hesablaşmalar və kastodian xidmətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması da prioritet hədəf hesab olunur.
Tədbirdə suallar cavablandırılıb, kapital bazarının inkişafı, o cümlədən müasir tendensiya və çağırışlara dair fikir mübadiləsi aparılıb. Strategiyanın icrası ilə bağlı investisiya şirkətləri ilə səmərəli kommunikasiyanın vacibliyi vurğulanaraq davamlı görüşlərin keçirilməsi razılaşdırılıb.