İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?
Qış mövsümü, eyni zamanda müəyyən yeni və ənənəvi virusların yayılması ilə əlaqədar olaraq tez-tez xəstələnmə halları müşahidə edilir. Bəs bu xəstəliklər zamanı işçilər hansı hallar və şərtlərlə əmək funksiyasının icrasından azad edilir? Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov mövzunu 3 qrup çalışanlara münasibətdə analiz edib:
1. Mülki-hüquqi müqavilə əsasında çalışanlar
Belə müqavilələr əsasında iş və ya xidmət icra edən şəxslər işçi hesab edilmir. Bu şəxslərlə münasibətlər Mülki Məcəllə ilə tənzimlənir və bu şəxslər işçi yox, icraçı hesab edilirlər. Mülki hüquqi müqavilə (xidmət müqaviləsi) əsasında çalışan şəxslər müəyyən xidmət haqqı qarşılığında onlara həvalə olunan işi icra edirlər. Onların müəyyən olunmuş iş vaxtı yoxdur. Müəyyən zaman kəsiyində müqavilə predmetinə uyğun olaraq işi təhvil verməlidirlər. Bu baxımdan, onların xəstəlik səbəbindən bir və ya bir neçə gün işi icra etməməsi problem yaratmır. Yəni onların xəstəlik səbəbindən olmasa belə iş yerinə gəlməsi ilə bağlı xüsusi bir qanuni tələb yoxdur (əgər müqavilədə xüsusi norma müəyyən edilməmişdirsə). Xidmət müqaviləsi əsasında çalışan şəxslərin müəyyən olunmuş işi şəxsən yerinə yetirməsi də vacib deyil. Müqavilə üzrə öhdəlik götürülmüş iş icraçının əməkdaşları və ya müvəkkil etdiyi şəxslər tərəfindən də yerinə yetirilən bilər.
2. Qeyri – rəsmi çalışanlar
Təəssüf ki, müəyyən sahələr üzrə qeyri-rəsmi məşğul şəxslər də var. Bu şəxslərin qanunvericilikdə müəyyən olunmuş bir çox hüquqları pozulur. Belə hüquqlardan biri də onların xəstələndikləri dövrdə, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə qanunvericilikdə müəyyən olunmuş müavinət almaq hüququndan məhrum olmasıdır. Belə şəxslər xəstələndikləri dövrdə çalışdığı iş yerinin rəhbərliyinin icazəsi ilə bir neçə günlük işdən azad oluna bilər. Bu, hər bir halda həmin işəgötürənin şəxsi yanaşmasına bağlı bir məsələdir. Bu dövrdə, yəni xəstəlik səbəbindən şəxsin işdə olmadığı dövrdə bəzi iş yerləri həmin dövr üçün ödəniş ödədikləri kimi, bəzi iş yerləri isə işləmədiyi müddət üçün ödəniş etməyə bilərlər.
3. Əmək müqaviləsi əsasında çalışan şəxslər
Əmək Məcəlləsi və digər qanunvericilik aktlarında əmək müqaviləsi əsasında çalışan şəxslər üçün bir sıra güzəşt və imtiyazlar müəyyən olunub. Bunlara işəgötürən tərəfindən zəruri əmək şəraitinin yaradılması, işçinin illik məzuniyyət hüququ, gündəlik iş vaxtına dair tələb, həftələrarası istirahət günləri, minimum əməkhaqqına dair tələb, sosial sığorta və icbari sığorta olunması və sair bir sıra imtiyazları misal göstərə bilərik. Belə imtiyazlardan biri də Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də müəyyən olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət almaqla evdə qalmaq hüququdur. Bu müavinət əmək müqaviləsi əsasında çalışan işçinin əməkhaqqından qanunvericlikdə müəyyən olunmuş formada tutulan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu sosial sığorta haqları hesabına işçinin Əsasnamədə müəyyən olunmuş digər müavinətləri də almaq hüququ vardır.
Bəs xəstələndiyi halda hansı qaydada işçi əmək funksiyasının icrasından azad edilərək müalicə alır və müəyyən olunmuş formada ona müavinət ödənilir?
Bu müavinətin ödənilməsi üçün aşağıdakılar gözlənilməlidir:
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Burada tələb edilən staj dedikdə yalnız həmin müəssisədəki staj deyil, ümumi sosial sığorta stajından söhbət gedir. Yəni işçinin ümumilikdə minimum 6 ay sosial sığorta stajı olmalıdır ki, bu müavinəti almaq hüququ olsun. Əgər 6 aylıq sosial sığorta stajı olmasa, onun müavinət almaq hüququ da olmayacaq. Ancaq əmək qabiliyyəti bərpa olunana qədər təqdim edilmiş xəstəlik vərəqəsi əsasında evdə qalmaq hüququ var.
- Müavinət müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətinin olmaması vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Yəni xəstələnən şəxs (buna əmək qabiliyyətinin müvəqqəti itirilməsi deyilir) müvafiq tibb məntəqəsinə müraciət etməli və ona bülleten açılmalıdır.
- İşçi sağaldıqda xəstəlik vərəqəsini iş yerinə təqdim edir və onun əsasında ona müavinət təyin edilir.
- İşçinin xəstələndikdə işəgötürənə məlumat verməsi qanunda öz əksini tapmasa belə, anlaqlı vəziyyətdə olarsa, işçi müəssisəni məlumatlandırmalıdır ki, xəstələndiyi üçün işə gələ bilmir və gələndə xəstəlik vərəqəsi təqdim edəcək. Müəssisə də işçi haqqında məlumatlı olmaldır ki, onun işini başqa şəxsə həvalə edə bilsin.
- 8 ilədək sosial sığorta stajı olan işçilərə müavinət qazancın 60 faizi miqdarında verilir.
- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə müavinət qazancın 80 faizi miqdarında verilir.
- 12 il və daha çox sosial sığorta stajı olan işçilərə müavinət qazancın 100 faizi miqdarında verilir.
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. İşçinin hansı gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulub-tutulmaması “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunub. Yəni məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.
- Müavinət gəlir vergisinə müəyyən edilmiş qaydada cəlb olunur. Vergi Məcəlləsində bununla bağlı bir güzəşt yoxdur.
- Müavinət sosial sığorta haqlarına cəlb edilmir. Eyni zamanda, əməkhaqqı hesab edilməyən ödənişlər (müavinətlər) işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına cəlb olunmur.
- Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara (işçilərə) ilk 14 təqvim günü üçün sığortaedənin (müəssisənin) vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
- Müavinət əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.
- TSEK-in qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi əmək qabiliyyətinin tam itirilməsi hesab edilir və bu halda işçinin əmək müqaviləsinə müəyyən edilmiş əsasla xitam verilir.
Bəs xəstəliyə görə müavinət necə hesablanır?
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.
Misal: Fərz edək ki, işçi 22 dekabr 2022-cü il tarixdə əmək qabiliyyətini itirib və 21 fevral 2023-ci il tarixdə tibb məntəqəsindən müvafiq sənəd (bülleten) təqdim edib. İşçinin əmək stajının 12 il, son 12 aylıq əməkhaqqı məbləğinin aylar üzrə aşağıdakı şəkildə olduğunu nəzərə alaq:
Aylar | Aydakı iş günləri | İşlədiyi iş günləri | Əməkhaqqı (manat) |
Yanvar | 23 | 23 | 1.100 |
Fevral | 21 | 21 | 1.100 |
Mart | 20 | 20 | 1.100 |
Aprel | 21 | 21 | 1.100 |
May | 20 | 20 | 1.100 |
İyun | 15 | 15 | 1.100 |
İyul | 22 | 22 | 1.100 |
Avqust | 21 | 21 | 1.100 |
Sentyabr | 16 | 16 | 1.100 |
Oktyabr | 23 | 23 | 1.100 |
Noyabr | 20 | 20 | 1.100 |
Dekabr | 21 | 21 | 1.100 |
240 | 240 | 13.200 |
Qeyd etdiyimiz kimi, müavinətin ilk 14 günü üçün ödəniş işəgötürənin hesabına, qalan günlər üçün isə sosial sığorta haqqları hesabına DSMF tərəfindən olunur.
İşçinin əmək stajı 12 il olduğu üçün ona qazancın 100 faizi miqdarında müavinət veriləcək.
Əvvəlki 12 aylıq dövrdə neçə iş gününün olduğunu tapaq. Fərz edək ki, bu dövrdə olan iş günlərinin sayı 240 gündür (bu istehsalat təqviminə əsasən müəyyən olunur). Son 12 ayın qazancını 12 aydakı iş günlərinin sayına bölərək bir iş gününə düşən gündəlik qazancı hesablayaq:
13200 : 240 = 55 manat
Daha sonra ilk 14 gündə neçə iş günü oldğunu müəyyənləşdirək. Fərz edək ki, qeyd edilən müddətdə 10 iş günü var. Deməli, işəgötürən tərəfindən ödənilən müavinətin miqdarı 550 manat olacaq:
10 x 55 = 550 manat.
Sosial sığorta ödənişləri hesabına olan ödəniş, qalan 16 gündə 12 iş günü olduğunu qəbul etsək, 660 manat olacaq:
12 x 55 = 660 manat.
Misalımızda işçinin əmək stajı 12 il olduğu üçün ona hesablanmış qazancın 100 faizi ödənilib. Əgər əmək stajı 6 il olsaydı, hesablanmış qazancın 60 faizi miqdarında ödəniş olmalı idi.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:
- 6 ay sosial sığorta stajı olmayan şəxslərə; əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;
- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).