Sosial iqtisadiyyat

Pensiya kapitalı nə qədər artırılacaq?

“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır.

ENA.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov şərh verib.

“Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub. Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir, - deputat bildirib.

V.Bayramov qeyd edib ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir:

“Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı proqnozlaşdırılır. Hər iki göstərici ilə bağlı sərəncamın Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)