Hansı bankların kredit kimi verdiyi borcun həcmi milyardı ötüb? – RENKİNQ
2023-cü ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 18,8% artaraq 23 milyard 979,12 milyon manat olub. ENA.az xəbər verir ki, kreditlərin ümumi həcmindən 19 milyard 538,67 milyon manat (artım 20,7%) milli valyuta, 4 milyard 440,4 milyon manat (artım 11,3%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Ölkəmizdə fəaliyyət göstərən 23 bankdan 7-sinin verdiyi kreditlərin həcmi 1 milyard manatı ötüb və ümumi həcmi 17 milyard 272 milyon manat təşkil edib. TOP-3 Bankın verdiyi kreditlərin həcmi isə 12 milyard 156 milyon manat olub. Bunun 5 milyardı ABB-nin, 7 milyard manatdan yuxarısı isə Kapital Bank və PAŞA Bankın payına düşür.
Qeyd edək ki, bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 539,3 milyon manat (bütün kreditlərin 14,8%-i) ticarət və xidmət sahələrinin, 752,8 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 532,8 milyon manat (2,2%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 133,75 milyon manat (4,7%) tikinti sektorunun, 1 milyard 165,06 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 426,28 milyon manat (5,9%) nəqliyyat və rabitə sahələrinin, 14 milyard 6,3 milyon manat (58,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.