Hesabatlar

Dövlət Neft Fondunun aktivləri 56 milyard dollara qədər artıb

2023-cü il dekabrın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin əvvəlinə 14.3% artaraq 56 milyard 69,7 milyon dollar təşkil edib. Bu barədə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

“2023-cü ildə aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub”, - deyə məlumatda bildirilir.

2023-cü il ərzində ARDNF-in büdcə gəlirləri 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 11 milyard 832,6 milyon manat təşkil edib. Hesabat ili ərzində ARDNF-in büdcəsi 9 milyard 829 milyon manat həcmində profisitilə icra olunub.

2023-cü il ərzində ARDNF-in mənfəət neftinin və qazın satışından gəlirləri 14 milyard 519 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 milyard 337,8 milyon manat təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 34,3 milyon manat yönəldilib.

ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib.

Keçən il ərzində fondun investisiya gəlirliliyi 7,1% olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)