Bank

PAŞA Bank istehlak kreditlərini "0" göstərib - HESABAT

2023-cü ildə “PAŞA Bank” 199,203 milyon manat məbləğində xalis mənfəət əldə edib. ENA.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 33,3% artım deməkdir.

Gəlirləri necə formalaşıb?

Bankın faiz gəlirləri 448,411 milyon manat olub. Bunun 226,076 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunan vəsaitdir. 124,616 milyon manat isə ticarət və investisiya qiymətli kağızları üzrə gəlirlərdir. Göründüyü kimi, bank kreditlərlə yanaşı, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrdən yaxşı faiz qazancı əldə edib. Bankın qeyri-faiz gəlirləri 221,285 milyon manat olub ki, bunun da 141,926 milyon manatı haqq və komissiyadan daxil olub. Bank ilin son rübü üzrə büdcəyə 57,008 milyon manat mənfəət vergisi ödəyib. Əməliyyat mənfəəti 292,378 milyon manat təşkil edib, ehtiyatlara isə 36,162 milyon manat ayırıb. 

İstehlak krediti "0" göstərilib

Bankın aktivləri 1,5% artaraq 8 milyard 651,371 milyon manata çatıb. ENA.az xəbər verir ki, 2023-cü il dekabrın 31-nə bankın kredit portfeli 2 milyard 835,443 milyon manat təşkil edir. Bu, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 3,9% artım deməkdir. Maraqlıdır ki, bank istehlak və daşınmaz əmlak kreditini "0" kimi qeyd edib. Biznes krediti isə 48 milyon 993 min manatdır. Bank aktovlərinin 1 milyard 910,820 milyon manatını nağd şəkildə, 2 milyard manatını isə qiymətli kağızlarda saxlayıb.  

Depozitləri azalıb

“PAŞA Bank”ın öhdəlikləri 7 milyard 814,178 milyon manata (azalma 0,5%) bərabərdir. Bankdakı depozitlər 6 milyard 935,175 milyon manat (azalma 1%), əhalinin əmanətləri 1 milyard 633,931 milyon manat məbləğində (artım 4,1%) qiymətləndirilir.

Bankın kapitalı 837,192 milyon manat (artım 26,3%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.

“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bank “PAŞA Holding”in strukturuna daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)