"Bu il 5 yeni "ASAN xidmət" mərkəzi açılacaq"
"Bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir. Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks etdirir".
"BI" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbərinə geniş müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, ASAN xidmət əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır: "ASAN xidmət"in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı.
"ASAN xidmət" mənim təşəbbüsümlə yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər "ASAN xidmət"i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə "ASAN xidmət"i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni, bu, onu göstərir ki, orada çalışan insanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər. Yəni, "ASAN xidmət" çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələcəyimizdir. "ASAN xidmət"də korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. Sirr deyildir ki, "ASAN xidmət"ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. "ASAN xidmət"də təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət etməkdir, özü də təmənnasız. Gələcəkdə bu könüllülər, - artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, - vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər.
Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir - Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər. "ASAN Könüllüləri" bax, bu prinsiplərlə yaşayırlar. Ona görə bu, böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni "ASAN xidmət" mərkəzi açılacaq. "ASAN xidmət" mərkəzlərində xidmətlərin sayı da gündən-günə artır, 200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu, çox qürurverici bir məsələdir.
O ki qaldı, “hədəfimiz nədir” sualınıza, deməliyəm ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yəni, sistem xarakterli islahatlar. İndi "ASAN xidmət" elə qurulub ki, artıq bu sistem müstəqil formada yaşayır. Gələcəkdə orada çalışacaq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və sədaqətlə xidmət göstərsinlər.