Vergilər Nazirliydən qəzet, jurnal və kitab satışının ƏDV-dən azad edilməsi təklifinə - MÜNASİBƏT
“Vergilər Nazirliyi qəzet, jurnal və kitab satışının ƏDV-dən azad edilməsinin heç vaxt əleyhinə olmayıb”.
"BI"nin məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
“Əgər hökumət təklif ilə çıxış edərsə, biz əleyhinə deyilik. Orada böyük məbləğlərdən də söhbət getmir. Oxuyan vətəndaşların sayının artması üçün bu, yaxş addım ola bilər. Amma bizdən asılı deyil. Belə bir təklif olacaqsa biz onu dəstəkləməy hazırıq”,- Sahib Ələkbərov bildirib.
KİTABLAR ÜZƏRİNDƏ ƏDV 18 FAİZDİR
Deputat Fazil Mustafa Azərbaycanda kitabların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi məsələsini parlamnetin bu gün keçirilən plenar iclasında qaldırıb.
O, qeyd edib ki, bu günlərdə Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV götürülüb:
“Bununla da orada oxuyan cəmiyyət ənənəsinə start verildi. Bu ənənənin Azərbaycanda da davam ertdirilməsi lazımdır. ƏDV Gürcüstanda da kitablar üzərindən götürülüb.
Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu, kitaba münasibətin göstəricisidir.
Bizdə kitablar həddən artıq bahalıdır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək”.