Sığorta

Mərkəzi Bankın baş direktoru: “Əhalinin sığortaya inamını artırmaq üçün tədbirlər görürük"

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə sığorta bazarının inkişafı, əhalinin sığortaya inamının artırılması istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır. Bunu AMB-nin baş direktoru Ziya Əliyev deyib.

“Sığortaya inamı artırmaq üçün əsas prioritetlərimizdən biri sığorta şirkətlərinin müştərilərlə ədalətli rəftarına nəzarət etməkdir. Bildiyiniz kimi, əgər müştəri ilə sığorta şirkəti arasında mübahisə yaranarsa, müştərilər şikayətlərini məhkəmədən əvvəl AMB-yə də bildirə bilərlər və Mərkəzi Bank bu müraciətləri qəbul edərək idarəetməyə götürür. Bu il ötən illərlə müqayisədə bu şikayətlərin statistikasında ciddi azalma müşahidə olunur ki, bu da əhali arasında inamın artdığını və müştərilərlə ədalətli rəftarın olduğunu göstərir. Təbii ki, bütün bunlar bizi tam qane etmir, bu, yalnız başlanğıcdır”, - deyə Z.Əliyev bu gün “Real TV” telekanalına müsahibəsində bildirib.

O, həmçinin deyib ki, gələn il AMB vahid informasiya sisteminin yaradılması üzərində işi davam etdirmək niyyətindədir və bunun üçün beynəlxalq təcrübə, xüsusilə Böyük Britaniya, ABŞ və Türkiyənin təcrübəsi öyrənilir.

Bundan başqa, tənzimləyici sığorta sahəsində nəzarətin təkmilləşdirilməsi, sığortaçıların maliyyə sabitliyinin gücləndirilməsi, əhali arasında sığorta savadlılığının artırılması, eləcə də bazarda müstəqil ekspertlərin peşəkarlıq səviyyəsinin yüksəldiməsi istiqamətində iş aparmaq niyyətindədir.

“Sığortaçı ilə müştəri arasında mübahisə varsa, müstəqil ekspert zərərin məbləğini qiymətləndirir və hər iki tərəf bunun ədalətli olduğunu qəbul edir. Biz müstəqil ekspertlərin peşəkarlığı, onların fəaliyyətinin daha da peşəkar olması istiqamətində yeni tənzimləyici qaydalar müəyyən edirik. Bu institut gücləndikdən sonra düşünürük ki, əhali arasında sığortaya inam daha da artacaq”, - deyə baş direktor vurğulayıb.

O əlavə edib ki, 2023-cü ilin 11 ayı ərzində sığorta sektoru 27% artıb, sığorta olunan predmetlərin sayı 5 milyonu ötüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)