Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən yığılan vəsait 1.3 dəfə artıb
2023-cü ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 139,2 milyon manat (cari məzənnə ilə $81,9 milyon) təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
“2023-cü ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 110 milyon manat vəsait daxil olub ki, bu da 2022-ci ilin 11 ayının göstəricisindən 1,3 dəfə çoxdur. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən isə dövlət büdcəsinə 29,2 milyon manat vəsaitin (artım 1,3 dəfə) ödənilməsi təmin olunub”, - deyə məlumatda bildirilir.
2023-cü ilin yanvar-noyabr ayları ərzində 53 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 488 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hesabat dövründə 3,177 min yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 758-i qeyri-yaşayış, 2,419 mini isə torpaq sahələrinə dair olub.