Sənaye məhsullarının istehsalı azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.
Sənaye məhsulunun 67,9%-i mədənçıxarma sektorunda, 26,8%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7%, kompüter, elektron və optik məhsulların istehsalı 74,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1%, maşın və avadanlıqların istehsalı 37,4%, poliqrafiya məhsullarının istehsalı 26,7%, tikinti materiallarının istehsalı 29,8%, içkilərin istehsalı 27,5%, kağız və karton istehsalı 18,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4%, hazır metal məmulatlarının istehsalı 19,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7%, elektrik avadanlıqlarının istehsalı 10,3%, qida məhsullarının istehsalı 9,8%, tütün məmulatlarının istehsalı 9,6%, neft məhsullarının istehsalı 8,4%, kimya sənayesi məhsullarının istehsalı 8,3%, mebel istehsalı 5,7%, əczaçılıq məhsullarının istehsalı 1,1% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12%, geyim istehsalı 13,3%, sair nəqliyyat vasitələrinin istehsalı 9,9%, sair sənaye məhsullarının istehsalı 13,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.