Azad olunmuş ərazilərdə “qaz pulu” ilə bağlı qərar veriləcək
İşğaldan azad olunmuş ərazilərdə abonentlər tərəfindən istifadə olunan təbii qazın qiyməti və ödəniş forması məsələsinə hökumət tərəfindən baxılır.
ENA.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə qazla təmin olunan yaşayış məntəqələrinə “mavi yanacaq” yeni verilib və hazırda istifadəçilərin qeydiyyata alınması istiqamətində işlər aparılır. Öz növbəsində, abonentlərin qeydiyyata alınması, abonent kodunun açılması müəyyən qədər vaxt tələb edir.
“Təbii qazın ödənilməsi məsələsinə də hökumət tərəfindən baxılır, yəni ki, o istiqamətdə də hər hansı bir qərar veriləcək”, - Teymur Cəfərov qeyd edib.
Şöbə müdiri onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə müvafiq yerli strukturların yaradılması da nəzərdə tutulub.