TURİZM

Turistləri payızda sayarlar

Azərbaycanda son üç ildə müşahidə olunan turist bumu yerli istirahət sektorunun inkişafı üzrə seçilmiş strategiyanın doğruluğunu göstərir. Eyni zamanda başa çatmaqda olan yay mövsümünün statistikası göstərir ki, regionda müşahidə olunan yüksək rəqabət şəraitində Azərbaycan mehmanxanaları və turoperatorları sakit dayana bilməz, əksinə xidmət səviyyəsinin artırılması, qiymətlərin aşağı salınması və ölkədəki istirahət imkanlarının daha aktiv şəkildə reklam edilməsi üçün daha çox səy göstərilməlidirlər.

 

Balansın profisiti 

Yaranan ənənəyə əsasən, sentyabr ayının sonlarında Azərbaycanda turizm mövsümü yekunlaşır və bu, ayın 27-də dünyanın bütün ölkələri və BMT tərəfindən dəstəklənən Dünya turizm günü ilə əlaqələndirilir. Beləliklə, sentyabrın əvvəlinə olan ilkin məlumatlar 2018-ci ilin turizm mövsümünün uğurla başa çatdığını göstərir: xarici turistlərin sayı artıb, turizm xidmətləri balansı profisitinin göstəriciləri artıb və turist axınının coğrafiyasında şaxələndirmə meyli müşahidə olunub. 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 193 ölkədən, təxminən, 2 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da keçən ilə nisbətən 8,5 faiz çoxdur. Bu zaman artım dinamikası əminliklə dünyanı orta statistikasını ötür. Belə ki, BMT yanında Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarına görə, ötən il dünyada səyahət edənlərin sayı 1,3 milyarda çatıb ki, bu da son 7 il üzrə ən yaxşı göstəricidir. 2016-cı ilə nisbətən artım 7% təşkil edib. UNWTO-nun 2018-ci il üzrə proqnozları bir qədər aşağıdır - artımın 4-5% ətrafında olacağı gözlənilir. 

Ötən ilin yekunlarına görə, ölkəyə 2,7 milyon turist gəlib. Bu, göstəricilər yetərincə uğurlu olan 2016-cı ilin göstəricilərindən 20 faiz çoxdur. Hətta xarici turist axınının artım sürətinin azalmasına baxmayaraq, Azərbaycan əvvəlki kimi postsovet məkanının ilk üç lider ölkəsi sırasındadır və Cənubi Qafqazda yalnız Gürcüstandan geri qalır, bu ölkəyə cari ilin yanvar-avqust aylarında, təxminən, 5,9 milyon xarici turist gəlib, bu, 2017-ci ildəkindən 12,2% çoxdur. 

Qeyd edək ki, «Bloomberg» ekspertləri dünyanın ən sürətlə inkişaf edən turizm istiqamətləri sırasına Türkiyə, Gürcüstan, Makedoniya və İslandiya ilə yanaşı Azərbaycanı da daxil ediblər. Ölkəmizə qarşı qlobal marağın artdığını sübut edən mühüm markelərdən biri kimi onlar dünyanın ən böyük turizm şirkətlərindən biri olan «Intrepid Travel» şirkətinin xətti ilə Azərbaycandakı mehmanxanaların bron edilməsinin 3 dəfə artdığını göstərirlər. Özü də, xarici turistlər Azərbaycan paytaxtına daha böyük maraq göstərirlər. 

"Bakı özündə köhnə və yeni xüsusiyyətləri birləşdirir: qədim şəhərin daş döşənmiş küçələrində bazar piştaxtaları yerləşir və yaxşı qorunan tarixi binalar var, «Flame Towers»i isə «Bürc Xəlifə» ruhunda müasir bir memarlıq möcüzəsi hesab etmək olar",- deyə dünyanın ən qədim turizm şirkəti (1758-ci ildə qurulmuş) «Cox&Kings»in baş əməliyyat direktoru Uorren Çenq «Bloomberg»ə bildirib. 

Ölkənin istirahət sahəsinin inkişafının müsbət dinamikasının digər vacib sübutu budur ki, Azərbaycan artıq ardıcıl üçüncü ildir ki, turizm xidmətləri balansında önəmli profisitə nail olur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2018-ci ilin birinci yarısında bu göstərici 223,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəkindən 19,9 faiz çoxdur. Bu müsbət meyil ardıcıl olaraq üçüncü ildir ki, müşahidə edilir. 

Beləliklə, xarici turistlər Azərbaycanda azərbaycanlıların xaricdə xərclədiklərindən nisbətən daha çox pul sərf edirlər. Beləliklə, ölkəmiz əsas strateji vəzifələrindən birini - turizm sektorunun sabit xarici valyuta mənbəyinə çevirmək məsələsini həll etməyə yaxınlaşıb. 

"ASAN Viza" elektron sisteminin tətbiqi ilə viza rejiminin sadələşdirilməsi, həmçinin manatın devalvasiyasına görə mehmanxana xidmətlərinin qiymətinin azalması da Azərbaycanın istirahət sektorunun incoming turizm istiqamətinə yönəlməsində mühüm rol oynayıb. 

Xarici səyahətçilərin Azərbaycana gəlməsi turistlərin cəlb edilməsi baxımından perspektivli olan bir sıra region ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi sayəsində də asanlaşıb. Yaxın perspektivdə "Azərbaycan Hava Yolları" QSC (AzAL) Bakıdan yeni istiqamətlər açmağı planlaşdırır. Bunun nəticəsində 2020-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin trafiki illik 7 milyon sərnişini keçməlidir. 

 

Yaxın Şərq böhranı

Viza rejiminin sadələşdirilməsi, həmçinin aviareyslərin optimallaşdırılması bu yay mövsümündə Azərbaycana turist axınının artmasına gətirib çıxardı. «2017-ci ildə Azərbaycana xaricdən gələn turistlərin əsas axını ərəb dünyasından idi. Bu, Azərbaycan ilə ərəb ölkələri arasında yeni birbaşa aviareyslərin açılması ilə izah edilir. Küveyt, Oman, Səudiyyə Ərəbistanı kimi ölkələrdən gələn turistlərin artması müşahidə edilir»,- deyə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov qeyd edib. 

Belə ki, bu ilin yanvar-avqust aylarında ərəb ölkələrindən gələn qonaqların sayı 2,2 dəfə artıb: Səudiyyə Ərəbistanı və Bəhreyndən - 2,4 dəfə, Qətərdən - 1,9 dəfə, İraqdan - 19 faiz, Omandan - 9,5 faiz artım müşahidə edilib. Ümumiyyətlə, demək olar ki, Azərbaycana gələn hər beşinci şəxs Fars körfəzi ölkələrindən və Yaxın Şərqin digər ölkələrindən olub. Maraqlıdır ki, ərəb ölkələrindən gələn qonaqlar Bakının görməli yerlərinə baxmaqla məhdudlaşmır və Azərbaycanın regionlarında turizm marşrutlarını fəal araşdırırlar. AzTA başçısının sözlərinə görə, qonaqların ən çox istədiyi istiqamətlər sırasına Qəbələ və Quba-Qusar zonaları, həmçinin Şamaxı və Şəki-Zaqatala zonaları daxildir. 

"Viza prosedurlarının sadələşdirilməsindən əlavə, mənim fikrimcə, Ərəb turistlərinin Azərbaycana artan axını ölkəmizə böyük maraqla bağlıdır. Bu maraq Azərbaycanda müasir infrastrukturun mövcudluğu, zəngin və çeşidli milli mətbəx, eləcə də insan amili ilə stimullaşdırılır. Mənim şəxsi məlumatlarıma görə, bir çox ərəb ailələri ölkəmizə ildə bir neçə dəfə səfər edirlər", - deyə Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyir. 

Ancaq bununla belə ötən yay mövsümündə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) və İrandan gələn turistlərin axınında əhəmiyyətli bir azalma müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə BƏƏ-dən gələn turistlərin sayı 5,6%, İrandan gələnlərin sayı isə 25,4% azalıb. İran İslam Respublikasından gələn qonaqların sayının azalması əsasən beynəlxalq sanksiyalar rejiminin sərtləşməsindən və yaranmış iqtisadi çətinliklərdən qaynaqlanır. BƏƏ-dən turist axınının aşağı düşməsini izah edən AzTA rəhbəri qeyd edib ki, bu, regionda Fars körfəzinin zəngin ölkələrindən gələn turistlərin cəlb edilməsi üzrə artan rəqabətlə bağlıdır. Xüsusilə, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər ən çox maraq doğurur - fəal səyyahdırlar və ən ödənişqabiliyyətlilər sırasındadırlar. «Ərəb turisləri bazarı uğrunda rəqabət çox yüksəkdir və bir çox ölkələr - ilk növbədə, Qazaxıstan, Gürcüstan, Türkiyə, Rusiya, Balkan dövlətləri ərəb ölkələrindən gələn turistlər üçün ən yaxşı şərait yaratmaq üzrə səy göstərirlər, onları ölkələrinə cəlb edirlər. Bu yaxınlarda Azərbaycan BƏƏ vətəndaşları üçün viza rejimini sadələşdirdi və mən hesab edirəm ki, bu, bizə itirilmiş mövqeləri bərpa etməyə imkan verəcək", - deyə Bağırov bildirib. 

 

Xəzər kruizi

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari turizm mövsümündə Rusiyadan və digər MDB ölkələrindən gələn turistlərin 5,5% artması müşahidə olunub (ümumi 734 min nəfər olub). 2018-ci ilin yanvar-avqust aylarında Avropa Birliyi ölkələrindən Azərbaycana gələn gələn turistlərin sayı 8% artaraq 77 min nəfərə çatıb. Buna baxmayaraq, bu baxımdan Azərbaycan qonşu Gürcüstandan əhəmiyyətli dərəcədə geri qalır, qonşu ölkəyə bu il Avropa Birliyi və MDB ölkələrindən bir neçə milyon qonaq gəlib. 

«Bunun əsas səbəblərindən biri qiymət amilidir: Azərbaycanda turizm xidmətlərinin qiyməti bir xeyli yüksəkdir, bu gün Gürcüstanda və Türkiyədə istirahət etmək Azərbaycana baxanda daha ucuzdur», - deyə tanınmış iqtisadçı professor Əli Ələzzayev bildirib. 

Öz növbəsində AzTA İdarə Heyətinin sədri Nahid Bağırov hesab edir ki, Rusiyada Azərbaycanın turizm məhsullarının reklamı və promouşonu üzrə işləri əhəmiyyətli dərəcədə artırmaq lazımdır ki, bu, onları daha tanınan və cəlbedici etsin. "Bununla yanaşı, Rusiya və Azərbaycan subyektləri arasında birbaşa aviareyslərin inkişaf etdirilməsi lazımdır: iki ölkə arasında çarter reyslərinin təşkilinə özəl kapital cəlb olunmalıdır, yalnız dövlət aviaşirkətlərinə ümid bağlamaqla iş bitmir ", - deyə AzTA-nın rəhbəri bildirib. 

Bir sıra Rusiya turizm agentliklərinin nümayəndələri də Azərbaycanın təklif etdiyi turizm məhsullarının bəzi seqmentlərində əhəmiyyətli dərəcədə uyğunsuzluq olduğunu qeyd edirlər. Rusiyanın milli turoperatoru ALEAN-a görə, tələbat baxımından birinci yeri (tələbatın, təxminən, 70%-ni) Azərbaycanın balneoloji kurortları, ilk növbədə, Naftalan tutur. 

İkinci yerdə - ekskursiya turları və dağ turizmi (30%) gəlir. Rusiyanın «TurStat» analitik agentliyinin 2018/2019-cu ilin qış mövsümü turist səfərlərinin təhlili əsasında tərtib etdiyi reytinqə əsasən, Azərbaycanın «Şahdağ» xizək kurortu Rusiya sakinləri arasında MDB ölkələrindəki xizək kurortları üzrə ən populyar üç kateqoriyaya daxil olub. İlk onluqda Qəbələ yaxınlığındakı "Tufandağ" da var - 9-cu yeri tutur. 

Rusiyada çimərlik turizminə də böyük tələbat müşahidə edilir, lakin Azərbaycanda bu seqmentdə keyfiyyətli xidmət göstərilməsi və əlverişli qiymətlər təklifi üzrə qonşu Gürcüstan və Türkiyə ilə müqayisədə çox geridir. "Çimərlik turizm seqmentindəki tələbata bir neçə amil təsir edir - onların içində əsas amil odur ki, Azərbaycan sahillərində klassik anlamda çimərlik hoteli cəmi bir neçədir və onlar da çox vaxt ya yerli turistlər tərəfindən, ya da müxtəlif festivalların və idman tədbirlərinin iştirakçıları tərəfindən tutulur",- deyə «ICS Travel Group» turoperator şirkətinin PR direktoru Anna Filatovskaya bildirib. 

Bununla yanaşı, Rusiya istiqamətinin fəal mənimsənilməsi son dərəcə vacibdir. "TurStat" analitika agentliyinin bir məlumatı xüsusi diqqəti çəkir ki, Azərbaycan rusiyalı turistlər arasında ən populyar ölkələrin sırasında 15-ci yeri tutur. 2018-ci ilin yanvar-iyun aylarında rusiyalıların Azərbaycana səfərlərinin sayı ötən ilin müvafiq dövrünə nisbətən 7% artaraq 349 minə çatıb. 

Turizm sahəsində regional əməkdaşlığın genişləndirilməsi üçün bir sıra başqa, hazırda istifadə edilməmiş imkanlar da mövcuddur. Xəzər dənizində Azərbaycanla birgə kruiz turizmi təşkil etmək məsələsində Rusiya və Qazaxıstanla əməkdaşlıq çox perspektivli görünür. 

"Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanda turizmin inkişafı üçün əlavə stimul ola bilər. Xüsusilə, bu addım bizə digər Xəzəryanı ölkələrlə birgə turlar istiqamətində, məsələn, dəniz gəzintilərini təşkil etmək sahəsində birgə işləməyə imkan verəcək. Lakin Xəzər dənizində kruiz turizmi yaratmaq məsələsi hələ layihə mərhələsindədir və əgər 2019-cu ildə Xəzər dənizində kruiz turizmi məsələsi həll edilsə, bu növ yalnız 2020-ci ildə populyarlıq qazanacaq ", - deyə Nahid Bağırov ehtimal edir. 

Öz növbəsində, region ölkələrinə turist axınının artması Azərbaycan, Türkiyə və Qırğızıstanın da Qazaxıstanın təşəbbüs qaldırılmış vahid «İpək Yolu» turizm multivizasını tətbiq edilməsi layihəsinə qoşulmasına imkan verərdi. 

"Biz Türk Şurası tərəfindən təsdiqlənmiş turist marşrutlarında səyahət edən xarici turistlər üçün viza rejiminin - «İpək Yolu» vizasının qarşılıqlı tanınması məsələsi üzərində də işləyə bilərik. Belə bir mexanizmin tətbiqi Şengen vizasının analoqu olacaq, lakin yalnız turizm təyinatlı olacaq", - deyə Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı bildirib.

Bir sözlə, turizmin inkişafı üçün kifayət qədər perspektivlər var və regional səviyyədə inkişaf etməklə, Azərbaycan turizm sənayesinin də artım dinamikasını sürətləndirmək olar.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department