Şahin Bağırovdan gömrük orqanlarının vəzifəli şəxsləri ilə bağlı qərar
Dövlət Gömrük Komitəsinin (DGK) Kollegiyası “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ni təsdiq edib.
Bununla bağlı Komitə sədri Şahin Bağırov yeni qərar imzalayıb.
Qərara əsasən, kodeks gömrük orqanlarında və qurumlarında xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslərə, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlara şamil ediləcək. Hər bir gömrük orqanı əməkdaşı qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış tələblərini rəhbər tutaraq bu Kodeksin müddəalarını öyrənməli və ona əməl etməlidir.
Bu Kodeksin əsas məqsədi gömrük orqanlarının və gömrük orqanlarında xidmətin nüfuzunun artırılması, şəxslərin gömrük orqanlarına və gömrük orqanı əməkdaşlarına etimadının yüksəldilməsidir.
Bundan başqa, kodekslə gömrük orqanı əməkdaşının qanunsuz olaraq birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizliklər) etməsi və yaxud qərarlar qəbul etməsi qadağan edilib.
DGK-nın Hüquqi Təminat İdarəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.