BİZNES

İxrac və dövlət alışları azalıb: Azərbaycanda hansı sahələrdə iqtisadi aktivlik var? 

Bu ilin əvvəlində Azərbaycanda iqtisadi aktivlik indeksi azalıb. Aprel ayından artım müşahidə edilib və iqtisadi aktivlik indeksi ikinci rübün son ayı ərzində yuxarı doğru istiqamət alaraq tarixi maksimuma çatıb. ENA.az xəbər verir ki, cari ilin üçüncü rübündə isə artım yenidən səngiyib, buna baxmayaraq 2023-cü ilin üçüncü rübü ərzində iqtisadi aktivlik indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin üçüncü rübündə ÜDM-in başlıca xərc komponentləri olan istehlak və investisiya komponentləri üzrə aktivlik indeksində də artım qeydə alınıb, hətta tarixi maksimum səviyyələrinə yüksəlib. İxrac və dövlət alışları komponentləri üzrə aktivlik indekslərində isə əksinə azalma baş verib.  

Ötən ildə olduğu kimi, 2023-cü ilin doqquz ayında da ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30.6%), tikinti (14.9%), topdan və pərakəndə ticarətdir (13.6%). Dövlət idarəetməsi və müdafiədən daxilolmalar - 2.4 mlrd. manat artım, tikinti sahəsində isə 2 mlrd. manat artım olub.

2023-cü ilin üçüncü rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.4%-i təşkil etməklə 7.2 mlrd. manat, qeyri-ticari sektorda isə 80.6% təşkil etməklə 29.7 mlrd. manata yüksəlib. Bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilib. 

Sahələrarası qarşılıqlı maliyyə axınlarda - dövlət idarəetməsi, maliyyə və sığorta, ticarət və emal sektorları başlıca tərəf kimi çıxış edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)