Sosial iqtisadiyyat

Ağalı kəndində işlə təmin olunan şəxslərin sayı açıqlandı

Böyük Qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndinə köçürülən sakinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunublar.

Bu barədə qurumdan məlumat verilib.

Nazirlik tərəfindən onlardan 120 nəfər ərazidəki vakansiyalar, 33 nəfər “İşsizin dostu” proqramı üzrə işlə təmin edilib, 11 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb. 26 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda daha 31 sakinin məşğulluğuna dəstək işləri aparılır.

İşğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Ağalıda ilk “Smart DOST” xidmət məntəqəsi də açılıb. Ötən dövrdə bu məntəqədə 19 sakinə xidmət göstərilib.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində Zəngilan şəhəri də 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)