Bloomberg-in üç fərqli müharibə ssenarisi
İsrail Birləşmiş Millətlər Təşkilatından (BMT) öz şəxsi heyətini Qəzzanın şimalından çıxarmasını tələb edərək quru əməliyyatının qaçılmaz olduğuna işarə edib. Sahədə gərginlik artarkən, Bloomberg iqtisadçıları üç fərqli müharibə ssenarisini araşdırdılar. ENA.az xəbər verir ki, Bloomberg Economics-ə görə, İran və İsrailin birbaşa toqquşduğu ən pis ssenaridə neftin qiyməti 150 dollara çata bilər.
İsrail-Həmas müharibəsinin Yaxın Şərqdə müxtəlif cəbhələrə yayılmasının qarşısını almaq üçün səylər davam etsə də, qlobal iqtisadiyyatın ən pis ssenaridə tənəzzülə girəcəyi demək olar ki, qaçılmaz görünür.
Bloomberg Economics üç fərqli müharibə ssenarisinin neft, qlobal artım, inflyasiya və bazar dəyişkənliyinə təsirini araşdırıb.
Bazar iştirakçıları İran və İsrail arasında birbaşa münaqişəni ən pis ssenari kimi görürlər. Bloomberg Economics-ə görə, bu ssenari neftin qiymətini bir barel üçün 150 dollara qaldıra və 1,7 faizlik daralma ilə qlobal iqtisadiyyatdan 1 trilyon dollar silinə bilər.
Livan və Suriyaya yayılan qarşıdurmanın da yer aldığı müharibə ssenarisində iqtisadçıların gözləntiləri neftin 8 dollar, VIX indeksinin isə 8 bəndlik artmasıdır. Bu ssenaridə Bloomberg Economics qlobal artımın 0,3 faiz bəndi azalacağını, inflyasiyanın isə 0,2 faiz bəndi artacağını gözləyir.
Qəzzada quru əməliyyatı, məhdud regional münaqişə və İranın neft hasilatının azalması ssenarisində iqtisadçılar neftin bir barel üçün 4 dollar artacağını, qlobal artımın 0,1 faiz bəndi azalacağını, inflyasiyanın isə 0,1 faiz bəndi artacağını gözləyirlər.