Sənaye

Bakıda üçgünlük Çin şirkətləri məhsullarının sərgisi keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə “Çin şirkətləri və məhsulları sərgisi" işə başlayıb.

3 gün davam edəcək tədbiri giriş sözü ilə Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi açıb.

O bildirib ki, Azərbaycanla Çin arasında ticarət əlaqələri getdikcə genişlənir: "Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır. Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 45 % artıb.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov isə qeyd edib ki, sərgi çərçivəsində keçirilən ikitərəfli görüşlərdə şirkətlər arasında sazişlər imzalanacağına ümid edir.

"Bu kimi tədbirlər ölkə əhəmiyyətlidir və KOBİA onların keçirilməsini dəstəkləyir. Agentlik 2022-2023-cü illərdə 50-dən çox sərgi və yarmarka təşkil edib. O cümlədən 11 sərgi ölkə xaricində təşkil olunub, 2 000-dən çox mikro və kiçik sahibkar həmin sərgilərdən faydalanıb", - deyə o qeyd edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə deyib ki, Azərbaycanda artıq 2-ci dəfədir ki, Çin sərgisi keçirilir: "Sərgidə iştirak edən şirkətlərin sayı artıb. Sərgi Azərbaycan və Çin arasında ticarət əlaqələrin inkişaf etdirilməsi baxımından çox vacibdir. Azərbaycanla Çinin ticarət potensialı böyükdür. Bu potensialı davamlı olaraq inkişaf etdirməliyik. Ümid edirəm ki, bu sərgi ənənəvi xarakter daşıyacaq və hər il keçiriləcək ".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)