Bank

Azərbaycan bankları büdcəyə 38% çox vergi ödəyiblər - 8 AYIN ƏSAS GÖSTƏRİCİLƏRİ

2023-cü ilin bitməsinə 4 ay qalıb. Azərbaycanın bank sektorunun mənfəət üzrə göstəriciləri yaxşılaşıb və mühüm göstərici olan aktivlərin həcmi azalıb. Amma bu daha çox dövlət bankında saxlanılan passiv aktivə aid olduğundan sektorun ümumi vəziyyəti haqqında proqnozlar müsbətdir.  

Mənfəətdə 22,9% artım 

Beləliklə, 31 avqust 2023-cü il tarixinə bankların ümumi xalis mənfəəti 724,2 milyon manat təşkil edib. Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə 22,9% artım deməkdir.

Hesabat dövründə bankların əsasən kreditlərdən formalaşan faiz gəlirləri 32,8% artaraq 2 milyard 279,5 milyon manat olub. Sırf kreditlər üzrə faiz gəlirləri 19,3% artaraq 1 milyard 680,2 milyon manat təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 12,9% artaraq 860,9 milyon manata yüksəlib. Bu dövrdə bankların faiz xərcləri 553,7 milyon manata yüksəlib ki, bu 35,1% artım deməkdir. Depozitlər üzrə bankların xərcləri 38,9% artaraq 395,2 milyon manat olub. Əsasən əmək haqqı fondu və digər xərclərin öz əksini tapdığı qeyri-faiz xərcləri 25,4% böyüyərək 1 milyard 484,5 milyon manat təşkil edib.

Yanvar-avqust aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 25,2% yüksəlib və 1 milyard 65 milyon manat olub. Beləliklə, bankların vergi ödənilənədək ümumi mənfəəti 911,6 milyon manata çatıb ki, bu da 8 ayda 25,7% artım deməkdir. Mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənişlər isə 187,4 milyon manatdır. Müqayisə aparsaq, keçənilkindən 38% çoxdur. 

Aktivlərdə azalma 

Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 358,7 milyon manat məbləğindədir. 2022-ci ilin sonuna bu göstərici 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-avqust aylarında bankların aktivləri 3,6% azalıb. Bu 2 milyard manat isə keçən ay üzrə müqayisədə qeyd etdiyimiz kimi, ABB-nin aktivlərinin 2 milyard azalmasından qaynaqlanır. 2023-cü ilin iyul ayı ilə müqayisədə avqust ayında bankların aktivləri 1,1% və ya 478,4 milyon manat artıb. Avqustun sonuna bankların kredit portfeli 11,3% artaraq 21 milyard 814,2 milyon manat olub. 

Biznes kreditlərinin "strukturu"

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 8,9% artaraq 11 milyard 821,8 milyon manata çatıb. Bu dövrə olan məlumata görə, dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfelinin həcmi 7,2% azalaraq 976,8 milyon manata düşüb. 

O cümlədən, avqust ayında bankların biznes kreditləri üzrə portfeli 199,1 milyon manat artıb. 

Bununla yanaşı, dövlət fondları hesabına biznes kreditləri üzrə portfel 7,2% azalaraq 31 avqust tarixinə 976,9 milyon manat qiymətləndirilir. 

Biznes kreditlərinin strukturunda 5 milyard 311,4 milyon manat iri biznesin, 2 milyard 492,8 milyon manat orta biznesin, 1 milyard 721,1 milyon manat kiçik biznesin, 2 milyard 296,5 milyon manat isə mikro biznesin payına düşür.

AMB-nin məlumatına görə, avqustun sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 513 milyon manat məbləğində (portfelin 4,1%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib.

 

Müxbir hesablarında olan vəsaitlərin həcmi 41,2% azalıb

8 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 41,2% azalaraq 3 milyard 719,3 milyon manata düşüb.

Bankların öhdəlikləri 39 milyard 474,1 milyon manata (azalma 4,7%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2,1 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 31 milyard 998,7 milyon manat (azalma 5,2%), o cümlədən əhalinin əmanətləri 12 milyard 276 milyon manat (artım 6,9%) təşkil edir.

Bankların ümumi kapitallaşması 4,7% böyümə ilə 5 milyard 884,6 milyon manat təşkil edir.

31 avqust 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Hazırda ləğvetmə prosesində olan 20-yə yaxın bank var. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)