Mərkəzi Bankın fəaliyyəti ilə razı deyiləm
Avropa birjası növbəti günə indekslərin müxtəlif istiqamətlərdə dəyişməsi ilə başlayıb. İnvestorlar Amerika istiqrazlarını tərk etdikdən sonra maliyyə vasitələrini Almaniyanın qiymətli kağızlarına köçürüblər. Vəziyyətlə əlaqədar “Dou Cons” indeksləri təqribən 832 bənd geriləyib. Bu, fevral ayından etibarən ən irimiqyaslı geriləmədir. Ümumiyyətlə, ABŞ indeksləri son bir neçə gündə azalan qrafik üzrə hərəkət edir.
"Bİ.az" xəbər verir ki, buna səbəb kimi isə, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın ABŞ Mərkəzi Bankı ilə bağlı ifadələri göstərilir. “Bu düzəlişi biz uzun müddətdir ki, gözləyirik. Mərkəzi Bankın fəaliyyəti ilə razı deyiləm. Mənə elə gəlir ki, Federal Ehtiyatlar Sistemi rəhbərliyi ağlını itirib”. Tramp belə deyib. İndekslərin düşməsi Asiya birjalarına da təsir edib. Honkonq, Şanxay, Tokio birjalarında indekslər 3-4% aşağı düşüb.
Xatırladaq ki, sentyabr ayının sonunda Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini qaldırıb. Birjada baş verənlər ABŞ Mərkəzi Bankının siyasəti ilə əlaqələndirilir. Bundan başqa, Trampın öz siyasəti və Çinlə ticarət əlaqələrində yaranmış gərginlik birjada indekslərin dalğalanmasına səbəb olub.