Azərbaycan Avropa İttifaqına yun, dəri və kürü məhsulları ixrac edəcək
“Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına da töhfə verir: “Kodeks Alimentarius Komissiyası ilə əməkdaşlıq ölkəmizin qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmağa kömək etməklə, həm daxili istehlak, həm də ixrac üçün olan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına şərait yaradır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılacaq qida məhsullarının keyfiyyətinə olan inamı da möhkəmləndirəcək”.