Bu il Azərbaycanda nə qədər avtomobil istehsal olunub?
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 1942 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 39,8% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda 195, fevralda 261, martda 469, apreldə 334, mayda 323 ədəd, iyunda 162 ədəd, iyulda 122, avqustda 76 ədəd (2023-cü ilin əvvəlindən ən aşağı aylıq göstərici – İF) avtomobil istehsal edilib.
1 sentyabr 2023-cü il tarixinə anbarlarda 454 ədəd (2023-cü il yanvarın 1-nə 270 ədəd) minik avtomobili var.
Yanvar-avqust aylarında Azərbaycanda 499 ədəd traktor (artım 23,5%) istehsal edilib. 2023-cü il sentyabrın 1-nə anbarlarda 12 ədəd traktor var.
Bundan başqa, yanvar-avqust aylarında 271 ədəd yük avtomobili (artım 48,9%) istehsal edilib. 2023-cü il sentyabrın 1-nə anbarlarda 15 ədəd yük avtomobili var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.