“Unibank”ın istiqrazlarını almaq üçün 52 təklif gəlib
Sentyabrın 7-də Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin 20 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-nin yaydığı məlumata görə, hərrac zamanı 52 investor tərəfindən 52 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi yerləşdirilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 100 manat olan 200 min ədəd səhmə bölünüb.
İstiqrazların tədavül müddəti 360 gün, illik faiz dərəcəsi 11,5%-dir (faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcək).
İstiqrazların ödəmə tarixi 1 sentyabr 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın nizamnamə kapitalı 138,2 milyon manata bərabərdir. “Unibank”ın əsas səhmdarı kapitalda 87,032% payla Eldar Qəribovdur.