Sənaye

Azərbaycanın nəhəng layihəsini tərk edən ABŞ şirkətləri barədə - AÇIQLAMA

“Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində iştirak edən bütün səhmdarlar Amerikanın “Exxon Mobil” və “Chevron” şirkətlərinin paylarını almaq imkanına baxır, lakin bu, bazar araşdırmasının nəticəsindən və qiymətdən asılı olacaq.

Bunu SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov “Bloomberg” agentliyinə bildirib.

“Exxon Mobil” və “Chevron” başqa yerdə fəaliyyətlərini genişləndirmək istəyirlər. Bu məsələni hər iki şirkət ilə müzakirə etmişik. AÇG-nin bütün səhmdarları hər iki şirkətin səhmlərini almaq imkanlarına baxır, lakin bu, bazar araşdırmasının nəticəsi və ortaya çıxan qiymətdən asılı olacaq”,- deyə E.Nəsirov deyib.

O qeyd edib ki, 2017-ci ildə AÇG üzrə sazişin müddətinin 2050-ci ilədək uzadılmasından sonra layihədəki səhmlərin dəyəri artıb.

Qeyd edək ki, hər iki şirkətin AÇG-dəki paylarını satmaq niyyəti ötən ilin dekabr ayında yayılmışdı. “Chevron” şirkətindən bildirilmişdi ki, AÇG-dəki 9,6% və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9% payını satmaq barədə qərara gəlinib. “Exxon” şirkəti isə AÇG-dəki 6,8% payını 2 mlrd. dollar satışa çıxarmaq niyyətini qeyd etmişdi.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)