Çin dövlət işçilərinə iPhone-dan istifadəyə qadağa qoydu
Çin mərkəzi hökumət işçilərinə iPhone və digər xarici markalı telefonlardan istifadə etməyi qadağan edib.
ENA.az xarici mediaya istinadən xəbər verir ki, Pekin hökuməti bu addımını xarici texnologiyadan asılılığı azaltmaq, həssas məlumatları kənara sızdırmamaq və kibertəhlükəsizliyi artırmaq cəhdi kimi əsaslandırıb.
Atılan bu addımın Apple və bir çox xarici markaya mənfi təsir göstərə biləcəyi bildirilir. Çin Apple-ın ən böyük bazarlarından biridir və oradakı satışlar Apple-ın ümumi gəlirlərinin 19 faizini təşkil edir.
Mənbələr bildiriblər ki, Pekin dövlət işçilərinin iş yerlərində iPhone-dan istifadəsini illərdir məhdudlaşdırıb, lakin indi bu qadağa genişlənib.
Ötən il ABŞ milli təhlükəsizlik təhdidini əsas gətirərək Huawei cihazlarının satışına qadağa qoyub, bu il isə Çin sosial media platforması TikTok dövlət qurumlarına qadağan edilib.