Sənaye

“Moody`s”un SOCAR-ın gəlirləri barədə proqnozu nədir?

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə SOCAR-ın gəlirlərini ildə 80-90 milyard manat səviyyəsində proqnozlaşdırır.

“Moody`s”un məlumatına görə, SOCAR-ın gəlirləri 2021-ci ildə 56%-lik artımdan sonra 2022-ci ildə 54% - 119 milyard manata qədər (70 milyard dollar) artıb.

Düzəliş edilmiş EBITDA 2022-ci ildə 14 milyard manata (8 milyard dollar) yüksəlib ki, bu da 2021-ci ildəki 7 milyard manat və 2017-20-ci illərdəki orta hesabla 4 milyard manata nisbətdə rekord həddə çatıb.

“2023-2024-cü illərdə şirkətin gəlirlərinin “Moody`s”in neft qiymətləri ilə bağlı proqnozlarına əsasən ildə 80-90 milyard manata qədər azalacağı ehtimal olunur. Bu dövrdə EBITDA ildə təxminən 10 milyard manat təşkil edəcək ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə az, 2017-2021-ci illərə nisbətən isə çoxdur”, - deyə agentlik vurğulayır.

Agentlik qeyd edir ki, SOCAR son zamanlar strateji və maliyyə idarəçiliyində daha çox nizam-intizam nümayiş etdirir. Bu, 2021-2022-ci illərdə yüksək maliyyə göstəriciləri ilə yanaşı, pul vəsaitlərinin müsbət generasiyasına səbəb olub.

Şirkət 2019-2020-ci illərdə pul vəsaitlərinin mənfi generasiyasından sonra 2021-ci ildə 2,6 milyard manat və 2022-ci ildə 6,8 milyard manat həcmində sərbəst pul axını (FCF) qeydə alıb.

“Moody`s” SOCAR-ın növbəti 12-18 ay ərzində müsbət sərbəst pul axınını saxlayacağını gözləyir, baxmayaraq ki, onun həcmi şirkət tərəfindən investisiya proqramının yerinə yetirilməsindən, neft-qaz bazarındakı şəraitdən və səhmdarların strateji qərarlarından asılıdır”, - deyə agentlik vurğulayır.

“Moody`s”, həmçinin şirkətin likvidlik göstəricilərinin də yaxşılaşdığını qeyd edir.

“2022-ci ilin sonuna 12,5 milyard manat məbləğində qalıq pul vəsaitləri və 2023-2024-cü illərdə proqnozlaşdırılan təxminən 4-5 milyard manat məbləğində pul vəsaitlərinin generasiyası bu dövr ərzində 11,2 milyard manat həcmində borcun ödənilməsi üçün kifayət edəcək”, - deyə agentlik qeyd edir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)