Neft bazarını gərginləşdirən açıqlamalar gəldi. Qiymət sıçradı
Bugünün sonuna neft bazarı Səudiyyə Ərəbistanının könüllü hasilatı azaltmaq qərarını 2023-cü ilin sonuna qədər uzatmaq planları ilə bağlı məlumatlarla yüksəlir. Üstəlik, Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın neft tədarükünü azaltmasının ilin sonuna qədər uzanacağını açıqlayıb. Məlumatlardan sonra Brent ötən ilin noyabrından bəri ilk dəfə bir barel üçün 91 dolları ötüb.
Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri saat 19:45-ə 91,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 2,08 dollar (2,34%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 2,41 dollar (2,82%) artaraq bir barelə görə 87,96 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı 2023-cü ilin sonuna qədər sutkada 1 milyon barrel neft hasilatını könüllü şəkildə azaldacaq, krallığın dövlət agentliyi Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən bildirib.
Bu məlumatdan əvvəl Brent neftinin bir barreli təqribən 88,4 dollara, WTI isə 85,3 dollar/barelə satılırdı.
Hesabatda vurğulanır ki, Səudiyyə Ərəbistanında neft hasilatının faktiki səviyyəsi bu ilin sonuna kimi gündəlik 9 milyon barrelə çatacaq.
Krallığın dövlət agentliyinin həmsöhbətinin sözlərinə görə, bu addımlar neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün OPEC+ tərəfindən görülən qabaqlayıcı tədbirləri gücləndirmək məqsədi daşıyır.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın neft tədarükünü azaltmasının ilin sonuna qədər uzanacağını açıqlayıb. Açıqlamadan sonra Brent nefti 90 dolları keçib.
"İndi neft hasilatının azaldılması ilə bağlı könüllü qərara, dünya bazarındakı vəziyyətdən asılı olaraq hər ay yenidən baxılacaq", - Novak bildirib.