Qarabağ

Laçın bulaqlarının suyu Bakıya axacaq

Meliorasiya və Su Təsərrüfatı ASC-dən redaksiyamıza daxil olan xəbərdə bildirilir ki, Laçın rayonu ərazisində “Həkəriçay” su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədlərində Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının və Bakı şəhərinin yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.

Səhmdar cəmiyyətin məlumatında qeyd edilib ki, su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə–smeta sənədlərinin hazırlanmasına ötən ilin dekabr ayında başlanılıb və gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulub.

Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.

Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur.

Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Hazırda su anbarından çıxan magistral boru xəttinin alternativ istiqamətdə içməli su təchizatı ilə bağlı təkliflər hazırlanır. “Həkəriçay” su anbarının həcmi 91 milyon kubmetrdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)