Gündəm

Banka rəhbərlik etmiş ata və oğul yenidən məhkəmə qarşısında

Lisenziyası ləğv edilən “Royal Bank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 7-nə təyin edilib.

Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bir neçə il beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Cam Fuad Əli oğlu 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır. Bankın Müşahidə Şurasının sabiq sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəmsəsinin hökmü ilə Fuad Cam 13 il, Əli Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Fuad Camın həbs müddətini 5 il azaldılaraq 8 ilə, Əli Camın həbs müddəti isə 2 il azaldılaraq 6 ilə endirilib. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin qərarına əsasən, hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.(Pravda.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)