Avtomobil

Bu avtomobillərin yerli istehsalı daha ucuz başa gələcək - AÇIQLAMA

Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı ilə bağlı fevralın 9-da təməlqoyma mərasimi keçiriləcək. 

“Azərmaş” ASC-nin mətbuat rəhbəri Günay Namidarın verdiyi məlumata görə, sənaye parkında yüngül tonnajlı yük avtomobillərinin istehsalı nəzərdə tutulub.

Belə ki, “Azərmaş” Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) markasının Azərbaycanda rəsmi satışını həyata keçirir. Bundan sonra isə həmin avtomobillərin hissələri ölkəmizə gətirilərək burada yığılacaq.

“Bu isə daha ucuz başa gələcək və daha sərfəli qiymətlərlə yerli bazara təklif ediləcək”, - deyə G.Namidar bildirib.

Hazırda elan saytlarındakı satış qiymətlərinə gəlincə, Qaz-Qazel markalı, mexaniki sürət qutusuna malik, yük avtomobilləri ilindən və vəziyyətindən asılı olaraq 5500-6200 dollar arasında dəyişir. Azərbaycanın tələbatına gəlincə, 2018-ci ölkəyə xaricdən 2300 ədəd yük maşınları gətirilib.

Qeyd edək ki, “Azərmaş” ASC 15 noyabr 2017-ci il tarixində yaradılıb, Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsini strateji hədəf seçib.

İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərinin istehsalı zavodu qurulub. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satışını planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)