Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
ENA.az xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası “AzərEnerji” tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən “AzərEnerji” tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb.
Dövlət başçısı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə salıb.
Qeyd edilib ki, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.