Problemli kreditlərin ödənilməsində müsbət tendensiya! Bu portfel 2,2%-ə düşdü
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 9,2% artaraq 22 milyard 41,9 milyon manat olub.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yalnız iyul ayında bankların və BOKT-ların kredit portfeli 0,3% böyüyüb, bu isə 75,7 milyon manat artım deməkdir. Qeyd edək ki, iyunda 680,7 milyon manat olmuşdu.
İyulun sonuna vaxtı keçmiş kreditlərin həcmi 494,7 milyon manatdır, bu isə göstərir ki, ötən yeddi ayda 16,7% azalma baş verib. Beləliklə, hazırda bütün kreditlərin 2,2%-i vaxtı keçmiş borclardır.
2023-cü il iyulun 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 635,9 milyon manat (artım 20,3%) və ya bütün kreditlərin 21%-i, özəl banklar tərəfindən 16 milyard 736,1 milyon manat (artım 6,3%) və ya bütün kreditlərin 75,9%-i həcmində kredit verilib. Qalan 669,9 milyon manat (artım 13,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
İyulun sonuna verilmiş kreditlərin ümumi həcmindən 17 milyard 895,4 milyon manat (artım 10,5%) milli valyuta, 4 milyard 146,5 milyon manat (artım 3,9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,8% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 409,3 milyon manat (bütün kreditlərin 15,5%-i) ticarət və xidmət sahələrinin, 692,5 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 535,6 milyon manat (2,4%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 127,5 milyon manat (5,1%) tikinti sektorunun, 1 milyard 88 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 81,3 milyon manat (4,9%) nəqliyyat və rabitə sahələrinin, 12 milyard 734,1 milyon manat (57,8%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-iyul aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 13% artıb (2022-ci ildə artım 31% təşkil edib)