Bank

Azərbaycanda bankların dollar alqı-satqısı azalıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29% azalaraq 1,8 milyard dollar olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1,8 milyard dollar təşkil edib və bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar olub. 

6 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 milyard ABŞ dolları ekvivalentində olub. Bu 2022-ci ilin I yarısı ilə müqayisədə 8,2% azdır. Nağdsız valyuta əməliyyatlarının 79.5%-i ABŞ dollarında, 20.5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 20%-i banklararası valyuta bazarında (BVB), 80%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

I yarımillikdə BVB-də əməliyyatların 97,3%-i ABŞ dollarında aparılıb. Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2.7 milyard ABŞ dolları ekvivalentində olub. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 35,7% azdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 1,9% artaraq 10.7 milyard ABŞ dollar oub. Əməliyyatların 75%-ni ABŞ dolları ilə aparılıb. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)