Azərbaycanda MTK-ların sənədləşmə üçün aldıqları ödənişlər qanunidirmi?
Bakı və Abşeronda inşa edilən yeni tikili binaların çoxu təhvil verildikdən uzun müddət sonra ordakı mənzillər çıxarışla təmin edilir. Həmin çıxarışsız mənzilləri alanlar digər şəxsə satanda Mənzil-Tikinti Kooperativləri (MTK) onlardan alqı-satqı müqaviləsinin dəyişdirilməsinə görə ödəniş tələb edir. Bu ödənişlərin məbləği MTK-lara görə dəyişir və min manatdan 4-5 min manata qədər çata bilir.
Belə ödənişlərin alınması qanunidirmi?
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev qanunvericilikdə belə bir ödənişin nəzərdə tutulmadığını deyib:
“Həmin ödəniş olmasa, MTK-lar alqı-satqını aparmaqdan imtina edir. Çıxarışlı mənzillərdə proses isə fərqli olur. Binanın yerləşdiyi ünvana çıxarışlı mənzil sahibinin qeydiyyatı olmayanda və ya üç ildən az olanda mənzilin ümumi sahəsindən 30 kvadrat metrlik hissə çıxılır, yerdə qalan hissəyə görə binanın yerləşdiyi əraziyə əsasən vergi (yaşayış mənzilinin sahəsi 30 kvadrat metrdən az olduğuna görə əmlak vergisi hesablanmır) ödənilir”.
Onun sözlərinə görə, yeni tikililərdə çıxarışsız mənzillərin satışı ilə bağlı tez-tez problemlər yaşanır: “Burda ümumi reyestrin aparılmaması, mənzillərin qeydiyyatının olmaması bir mənzilin bir neçə nəfərə satılması hallarına yol açıb”.
Müqaviləni dəyişmək MTK-nın borcudur
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc da bu cür ödənişlərin qanunsuz olduğunu bildirib:
“Çıxarış almaq üçün vətəndaşın kommunal xidmətləri və xidmət haqqı ödənişlərinə görə MTK-lara borcu olmamalıdır. Bu ödənişlər vaxtlı-vaxtında edilibsə və vətəndaşın belə borcu yoxdursa, ona arayış təqdim edilir. Bundan sonra vətəndaş müvafiq sənədlərlə çıxarış almaq üçün dövlətə müraciət edir. Bu zaman da ondan yalnız dövlət rüsumlarını ödəmək tələb oluna bilər. MTK-ya vətəndaş borclu deyilsə, hansısa ödənişdən söhbət gedə bilməz”.
V. Oruc hesab edir ki, MTK-lar vətəndaşların məlumat səviyyəsinin aşağı olmasından istifadə edərək sənədləşmə işləri zamanı pul tələb edirlər: “O vətəndaşdan ödəniş tələb edilə bilər ki, o, uzun illər kommunal xidmətlərin ödənişini etməyib, yaxud xidmət pulunu verməyib. Əks halda vətəndaşın tələb etdiyi sənədləri vermək MTK-nın borcudur. Vətəndaş çıxarışsız mənzili başqa bir şəxsə satanda MTK alqı-satqı müqaviləsini dəyişməkdən başqa heç bir xidmət göstərmir. Buna görə qanunda heç bir ödəniş nəzərdə tutulmur. Burda kargüzarlıq xərcləri kimi müəyyən rüsumlar ola bilər. Amma başqa xərclər ola bilməz”.