SpaceX süni intellekt infrastrukturuna 74 milyard dollardan çox investisiya yatıracaq

Elon Muskın rəhbərlik etdiyi SpaceX şirkəti ABŞ-ın Texas və Arizona ştatlarında iki superkompüter mərkəzinin yaradılması üçün ümumilikdə 74 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır.
ENA.az xəbər verir ki, şirkət Texas ştatındakı Starbase müəssisəsinə 24 milyard dollardan çox, Arizona ştatının Cochise dairəsində inşa edilməsi nəzərdə tutulan ikinci kampusa isə təxminən 50 milyard dollar ayırmağı planlaşdırır.
Arizona layihəsinin həyata keçirilməsi üçün yerli hakimiyyət orqanlarının razılığı tələb olunur. Tikinti mərhələsində burada təxminən 5 500 nəfərin işlə təmin ediləcəyi, obyekt fəaliyyətə başladıqdan sonra isə 1 000 daimi iş yerinin yaradılacağı gözlənilir.
SpaceX bildirir ki, layihə çərçivəsində yerli elektrik kooperativləri ilə əməkdaşlıq ediləcək. Şirkətin hesablamalarına görə, təşəbbüs kooperativ üzvlərinin elektrik xərclərini 20%-dək azalda bilər. Kampusda quru soyutma sistemindən istifadə nəzərdə tutulur, sənaye məqsədilə yeraltı sulardan istifadə planlaşdırılmır.
Texasdakı Starbase layihəsində isə superkompüter mərkəzi ilə yanaşı, təbii qazla işləyən elektrik stansiyasının tikilməsi planlaşdırılır. Müəssisə elektrik enerjisini özü istehsal edəcək. Layihənin tikinti mərhələsində indiyədək 3 mindən çox iş yeri yaradılıb, fəaliyyətə başladıqdan sonra isə 500-dən çox daimi iş yerinin təmin ediləcəyi gözlənilir.
Arizona layihəsi yerli əhali arasında etirazlara da səbəb olub. Təxminən 2 400 imza toplanan petisiya ilə layihəyə icazə verilməməsi tələb edilib. Məsələ ilə bağlı ictimai dinləmənin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
SpaceX-in üçüncü rüb üzrə gəlirlərinin yarıdan çoxunun süni intellekt fəaliyyətindən əldə olunması şirkətin kosmik uçuşlar və Starlink peyk interneti ilə yanaşı, süni intellekt infrastrukturuna da böyük həcmdə sərmayə yönəltdiyini göstərir. (Bloomberg HT)











