Qeyri-Bank

Azərbaycanın dövlət borcu bu il 17,5 milyard manatı ötəcək - Maliyyə Nazirliyi

Azərbaycanın Maliyyə Nazirliyi 2023-cü ildə ölkənin dövlət borcunu 17 milyard 536 milyon manat (indiki məzənnə ilə 10 milyard 315,3 milyon dollar) səviyyəsində proqnozlaşdırır.

30 iyun 2023-cü il tarixinə Azərbaycanın dövlət borcu 16 milyard 151 milyon manat və ya cari il üçün proqnozlaşdırılan ÜDM-in 14,5 faizi səviyyəsində qiymətləndirilir.

Maliyyə Nazirliyindən verilən məlumata görə, 2024-cü il yanvarın 1-nə xarici borc 6 milyard 381 milyon dollar və ya 10 milyard 847 milyon manat təşkil edəcək. Bu, 2023-cü il iyulun 1-nə ÜDM-in 10 faizini təşkil edib.

2023-cü ilin sonuna daxili dövlət borcu 6 milyard 689 milyon manata (30 iyun 2023-cü il tarixinə 4 milyard 970,3 milyon manat və ya ÜDM-in 4,5%-i) çatacaq.

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonuna xarici borcun strukturunda 49%-i 5 ilə qədər, 42,6%-i 5-10 il müddətinə, 8,4%-i isə 10 il və daha çox müddətə cəlb edilmiş kreditlərin payına düşəcək. 

Maliyyə Nazirliyi vurğulayıb ki, 2023-cü ilin birinci yarısında dövlət borcuna xidmət üçün dövlət büdcəsindən xərclər 430,8 milyon manat və ya cari dövr üzrə büdcə xərclərinin 3,1 faizini təşkil edib. Bunun 352,7 milyon manatı xarici borcun, 78,1 milyon manatı isə daxili borcun ödənilməsinə yönəldilib.

Ümumilikdə, 2023-cü ilin birinci yarısında Maliyyə Nazirliyi tərəfindən istiqrazların yerləşdirilməsi yolu ilə daxili bazarda 724,1 milyon manat vəsait cəlb edilib, cəlb edilmiş vəsait xarici və daxili dövlət borcunun ödənilməsinə yönəldilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)