Gündəm

Ukrayna Qara dənizdə Rusiya limanlarına üzən gəmiləri hərbi hədəf elan edib

"Rusiya Federasiyası bütün dünya üçün ümumbəşəri azad naviqasiya hüququnu növbəti dəfə vəhşicəsinə pozur və ərzaq təhlükəsizliyini qəsdən təhdid edir, milyonlarla insanı aclığa məhkum edir".

Bu barədə Ukraynanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Ukrayna limanlarından ərzaq daşıyan mülki gəmiləri açıq şəkildə hədələməklə, dinc şəhərlərdə mülki infrastruktura raket hücumları və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etməklə, ticarət yollarında bilərəkdən hərbi təhlükə yaradaraq, Kreml Qara dənizi ilk növbədə Rusiya gəmiləri və Qara dənizin sularında Rusiya Federasiyasının dəniz limanları və Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazisində yerləşən Ukrayna dəniz limanları istiqamətində hərəkət edən digər dövlətlərin gəmiləri üçün təhlükə zonasına çevirib. Bütün risklərə görə məsuliyyət tamamilə Rusiya rəhbərliyinin üzərinə düşür.

“Moskva” kreyserinin taleyi sübut edir ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın dənizdəki təcavüzünü dəf etmək üçün lazımi vasitələrə malikdir. Ukrayna Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, 21 iyul 2023-cü il saat 00:00-dan etibarən Qara dəniz akvatoriyasında Rusiya Federasiyasının dəniz limanları və Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazisində yerləşən Ukrayna dəniz limanları istiqamətində hərəkət edən bütün gəmilər Ukrayna tərəfindən hərbi yük daşıyan gəmilər hesab edilə bilər.

Bundan əlavə, 20 iyul 2023-cü il saat 05:00-dan etibarən Ukrayna tərəfindən Qara dənizin şimal-şərq hissəsi və Kerç-Yenikal boğazı ərazilərində üzmə təhlükəli olduğu üçün qadağan edilib. Dənizçilər üçün müvafiq naviqasiya məlumatları artıq dərc olunub", - Ukrayna Müdafiə Nazirliyinin bəyanatında vurğulanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)