“PMD Hospitality”ə yeni baş icraçı direktor (CEO) təyin edildi
“PMD Group” MMC-nin turizm qolu olan törəmə şirkəti “PMD Hospitality” MMC-də baş icraçı direktor (CEO) dəyişib.
Məlumata görə, şirkətin rəhbərliyinə türkiyəli mütəxəssis Uygar Kocas təyin edilib.
O, CEO kimi Kəmalə Əzizova Adil qızını əvəz edib.
U.Kocas 23 illik hotelçilik sahəsində təcrübəyə malikdir. 2006-cı ildən 2016-cı ilə qədər “The Marmara”nın Antalya, Pera, Bodrum, Şişli (Bodrum) kimi hotellərinin baş meneceri, 2016-2019-cu illərdə “Le Méridien Istanbul Etiler” hotelinin baş meneceri və dünyaca məşhur “Marriott International”da yüksək vəzifələrdə çalışıb.
Bundan öncə isə Azərbaycanın digər iri hotelçilik şəbəkəsi olan “Absheron Hotel Group”un 4 hotelinə türkiyəli mütəxəssis rəhbər təyin edilmişdi.
“PMD Hospitality” – hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb və “PMD Qrup”un bir hissəsidir. Təşkilat 2013-cü ildə hotel biznesini inkişaf etdirmək, turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu, şirkətin rəsmi səhifəsində qeyd edilir.
“PMD Hospitality”nin əmlak portfelində bir neçə 5 ulduzlu hotel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) var.