Birja

Qafar Dəmirçinin şirkəti istiqraz buraxdı

Bugün Bakı Fond Birjasında “Ferrum Capital” QSC-nin 2,5 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. ENA.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilib.

Hərracın yekunları üzrə istiqrazların bütün həcmi yerləşdirilib. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 2,5 min ədəd istiqraza bölünüb.

İstiqrazın tədavül müddəti 24 ay, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir. İstiqrazların ödəmə tarixi 06.07.2025-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

“Ferrum Capital” faktorinq şirkəti 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədilə yaradılıb. Şirkət, həmçinin lizinq və lombard seqmentində də xidmətlər göstərir. 2017-ci ildən indiyədək şirkət ümumilikdə 142,87 milyon manat məbləğində kredit verib, vaxtı keçmiş kreditlərinin xüsusi çəkisi 2,12%-dir.

“Ferrum Capital” QSC-nin səhmdarları 2 hüquqi (9% pay) və 2 fiziki şəxsdir (91%). Cəmiyyətin nizamnamə kapitalı 2 min manatdır. Şirkətin əsas səhmdarı Qafar Dəmirçi 68% paya malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)