ENA+

Azərbaycanda evsizlərin sayı nə qədərdir?

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda evsizlərin sayı ilə bağlı dəqiq rəqəmin olmamasına toxunub.

"BI" xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspertin sözlərinə görə, ölkədə mənzilə ehtiyacı olan insanların sayı barədə rəqəm yoxdur: “Ancaq əldə olan rəsmi informasiyalar göstərir ki, bizdə əhalinin hər 1000 nəfərinə düşən mənzillərin sayı inkişaf etmiş ölkələrə nisbətən 2.5-3 dəfə aşağıdır. Məsələn, hazırda bizdə həmin göstərici orta hesabla 188-dir, amma Avropada 400-600 intervalında dəyişir. Ən maraqlı tərəfi odur ki, adını mənzil bumu qoyduğumuz 2005-2017-ci illərdə belə tikilən mənzillərin sayı təlabatla müqayisədə çox aşağı olub. 

Əhalinin artım sürəti mənzillərin artım sürətindən xeyli çox olub. Məsələn, 1995-2017-ci illərdə öllkə əhalisi 29%, amma mənzillərin sayı 21% artıb. 

Başqa maraqlı məlumat budur ki, kənd yerlərində əhalinin hər 1000 nəfərinə 179, şəhərlərdə isə 204 mənzil düşür və şəhərlərdə 14% çoxdur.

Rəsmi statistikaya görə, hazırda kəndlərdə 4.6 min nəfər yaşayır və 829 min mənzil var. Şəhərlərdə isə 5.2 mln. nəfərin 1.1 mln. ədədə yaxın mənzili var.

Bir maraqlı fakt da odur ki, adambaşına mənzil sahəsinə görə ən aşağı göstərici Tərtərdə - 14 kv.metr, ən yüksək Abşerondadır - 24 kv.metr. Yəni ən aşağı və ən yüksək göstərici arasında az qala 2 dəfə fərq var.

Əslində mənzillə təminat səviyyəsi və evsizlərin sayı ölkədə gerçək yoxsulluq səviyyəsini də dəyərləndirmək baxımından çox önəmli göstəricilərdir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)