Mərkəzi Bank keçən il daha çox pul çap edib
Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə dövriyyəyə daha çox kağız və metal pullar buraxıb. ENA.az xəbər verir ki, Bankın hesabatına görə, 1 dekabr 2022-ci il tarixinə Bank çap şirkətindən 2 milyard 446 milyon 950 min AZN məbləğində yeni kağız və metal pul nişanlarını təhvil alıb.
Qeyd edək ki, 2021-ci ildə bu rəqəm 507 milyon 566 min AZN təşkil edirdi.
Xatırladaq ki, dövriyyədə olan kağız və metal pullar Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının milli valyutasında buraxılmış pul nişanlarıdır. Bu, 1 yanvar 2006-cı il tarixindən dövriyyəyə buraxılmış yeni nümunəli Azərbaycan manatı (AZN), 1992-ci ildə milli valyuta tətbiq edildikdən etibarən dövriyyəyə buraxılmış və hazırda tədavüldən çıxarılmış köhnə nümunəli Azərbaycan manatı (AZM) və tədavülə buraxılmış yubiley və xatirə pul nişanlarının nominal dəyərlərinin cəmidir. Köhnə Azərbaycan manatı 1 yanvar 2006-cı il tarixində denominasiya edilərək, həmin tarixdən 5,000 köhnə manat 1 yeni Azərbaycan manatına bərabər olub.