Dövlət əhəmiyyətli layihə necə icra edilib? - HESABAT
“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə dövlətin və Dünya Bankının ayırdığı vəsaitlərin xərclənməsində ciddi qanunsuzluqlar aşkarlanıb.
Bİ.az xəbər verir ki, Hesablama Palatası Kollegiyasının təsdiqlədiyi hesabat “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə audit 2015-2017-ci illərdəki maliyyə dövrünü əhatə edir. Audit nəticəsində müəyyən olunub ki, layihə çərçivəsində maliyyə əməliyyatları Layihənin Əməliyyat Təlimatına uyğun aparılsa da, Azərbaycan tərəfinin payı olaraq dövlət büdcəsindən müvafiq illər üzrə ayrılmış vəsaitlərin xərclənməsinə dair maliyyə planları tərtib edilməyib. Layihə müddətinin dövrü olaraq (əlavə iş həcmlərinin artması və tikinti işlərinin yubadılması, təhvil-təslim işlərinin zəif təşkil olunması və s.) uzadılmasına baxmayaraq, tam təmin edilməsi mümkün olmayıb. Bağlanmış müqavilələrdə digər xərclərin ümumi layihə dəyərinin 13%-17% təşkil etməsi mal-material vahidlərinin qiymətinin ayrı-ayrı layihələrdə əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olub. Dünya Bankının Missiyasının yaddaş qeydlərində bir sıra podratçıların işlərinin tamamlanmasına və sınaq dövrünün keçməsinə baxmayaraq “Azərsu” ASC ilə təhvil-təslim işlərinin rəsmiləşməməsi qeydə alınıb.
Layihə çərçivəsində bu kimi halların davam etməsi içməli suyun xlorlanması üzrə yeni qurğuların bəzi rayonlarda fəaliyyət göstərməməsi, içməli suyun su sisteminə təmizlənməmiş ötürülməsi baş verib. Bir sıra həyət evlərinin əksəriyyətinin yeni kanalizasiya quyularına qoşulmaması, rayonlarda yağış sularının müvafiq idarəçiliyinin olmaması, yağış sularının kanalizasiya sisteminə axıdılmasının yeni qurğuların istismarına mane olması, torpaq ayırma işlərinin tam rəsmiləşməməsi aşkar edilib. Layihənin əhatə etdiyi rayonlar üzrə kadastr planlarının hazırlanmaması və s. bu kimi halların ifadə olunması iri maliyyə tutumlu “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsində nəzərdə tutulmuş məqsədlərə, inkişaf səmərəliliyinə mənfi təsir edib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair qanunvericilklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi tapşırılıb. Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.