Sığorta ödənişlərinin 93%-ni tutan TOP-3 sığorta növü
2023-cü ilin yanvar-may aylarında sığortaçılar tərəfindən sığorta hadisələri ilə bağlı kompensasiyaların ödənilməsinə 174 milyon 436,19 min manat xərclənib. Bu, 2022-ci ilin 5 ayı ilə müqayisədə 35,2% çoxdur.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 133 milyon 340,3 min manat (artım 47,2 faiz) və ya bazarda bütün sığorta ödənişlərinin 76,4 faizini təşkil edib.
Həyat sığortası üzrə ödənişlər 93 milyon 926,48 min manat (artım 1,8 dəfə), qeyri-həyat sığortası üzrə 39 milyon 413,8 min manat (azalma 1%) olub.
İcbari sığorta növləri üzrə ödənişlər 41 milyon 95,86 min manat (artım 6,9%) təşkil edib.
Hesabat dövründə sığortaçılar ən çox OSAGO (39 milyon 101,49 min manat), yaşam (93 milyon 329,3 min manat) və tibbi sığorta (28 milyon 923 min manat) üzrə ödəniş edib. Ümumilikdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazarda bütün sığorta ödənişlərinin 92,5%-ni təşkil edib.
2023-cü il may ayının sonunda Azərbaycanda 20 sığorta şirkətinin fəaliyyət göstərmək üçün lisenziyası olub.
2023-cü ilin yanvar-may aylarında sığorta sektorunun nüfuzu (sığortanın nüfuzetmə dərinliyi - ümumi mükafatın ÜDM-ə nisbəti) 1,1% təşkil edib.