İnşaat və əmlak

Dövlət əmlakın özəlləşdirilməsi və icarəsindən nə qədər pul qazanıb?

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən dövlət büdcəsinə 61,2 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 47,2 milyon manat təşkil edib. 

ENA.az xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Bundan başqa, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıb.

Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində 24 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu dövrdə 13 faydalı qazıntı yatağı hərrac vasitəsilə sahibkarların istifadəsinə verilib.

Bu ilin yanvar-may ayları ərzində 1 481 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 313-ü qeyri-yaşayış sahələri üzrə,1 168-i isə torpaq sahələrinə dair olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)