Bank

BVF: "114 mərkəzi bank rəqəmsal valyuta sahəsində yenilik mərhələsindədir"

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva "Qlobal mərkəzi bank rəqəmsal valyuta (CBDC) platforması" konsepsiyası üzərində işlədiklərini bildirib.

ENA.az xəbər verir ki, Georgieva, Mərakeşin paytaxtı Rabatda etdiyi çıxışında rəqəmsal inqilabın yaratdığı böyük transformasiyanın fərqində olduqlarını söyləyib.

Siyasəti müəyyən edənlər tez hərəkətə keçməsə, fürsətlərin əldən verilə biləcəyini və gələcək üçün yeni risklərin yarana biləcəyini izah edən Georgieva, BVF olaraq mərkəzi bank rəqəmsal valyutaları üzərində çalışdıqlarını, lakin hələ də çox şeyin qərara alınmadığını qeyd edib.

Bir çox mərkəzi bankın məsələyə ciddi yanaşdığına diqqət çəkən Georgieva, 114 mərkəzi bankın yenilik mərhələsində olduğunu bildirib. Georgieva, mərkəzi bank rəqəmsal valyutasının dünyanın ən böyük pilot tətbiqinin 118 milyon iştirakçı ilə Çində həyata keçirildiyini deyib.

Mərkəzi bankların rəqəmsal valyutalarının daha çox insanın maliyyə xidmətlərinə daxil olmasına və xərclərin azaldılmasına imkan verdiyinə diqqət çəkən Georgieva, onların daha davamlı və səmərəli ödəniş sistemləri təmin edə biləcəyini söyləyib.

Georgieva həmçinin bildirib ki, mərkəzi banklara məxsus rəqəmsal valyutalar transsərhəd ödənişlər üçün daha ucuz və daha sürətli bir yol ola bilər.

Əməliyyatları daha səmərəli və ədalətli etmək üçün ölkələri birləşdirən sistemlərə ehtiyac olduğunu vurğulayan Georgieva, "Buna görə də BVF olaraq qlobal mərkəzi bank rəqəmsal valyuta platforması konsepsiyası üzərində işləyirik" deyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)