Mərkəzi Bank: Azərbaycan bankları biznes və istehlak kreditləri üzrə tələbin artacağını gözləyir
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin II rübündə bank müştərilərinin kredit resurslarına tələbinin artım tendensiyasını qeyd edir. ENA.az xəbər verir ki, 2023-cü ilin yanvar-mart ayları üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri AMB-nin saytında dərc olunub.
“Sorğu nəticələrinə əsasən 2023-cü ilin I rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam edib. Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meyilləri nəzərə çarpıb”, - deyə AMB vurğulayır.
Son rübdə banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaldıb, o cümlədən, xarici valyutda verilən kredit şərtlərində isə daha da sərtləşməyə gedib.
Banklar 2023-cü ilin II rübündə biznes və istehlak portfelləri üzrə kredit standartlarında yumşalma tendensiyasında səngimənin davam edəcəyi qənaətindədir. Sorğuya əsasən banklar 2023-cü ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyir.
Yanvar-mart aylarında yumşalma KOS və iri sahibkarlara verilən kreditlər üzrə olub.
Cari ilin ilk rübündə istehlak kreditlərinin təsdiqi standartlarının yumşaldılması səngiyib. Səngimə əsasən əməkhaqqı kreditləri və kredit kartları üzrə olub.
2023-cü ilin I rübü ərzində istehlak və ipoteka kreditləri üzrə tələbin artması müşahidə edilib.
Sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.