AMB: “Monetar şəraitlə inflyasiya təzyiqlərini məhdudlaşdırmağa çalışırıq”
Azərbaycan Mərkəzi Bankı (AMB) monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini məhdudlaşdırmağa çalışır.
Bunu qurumun Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov bildirib.
“Son 1 ildə AMB uçot dərəcəsini 6.25 %-dən 9 %-ə çatdırıb, sterilizasiya əməliyyatlarını aktivləşdirib, eyni zamanda faiz kanalının ötürücülüyünün yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirib. Bilirsiniz ki, 2022-ci ilin sentyabrından başlayaraq pul siyasəti alətləri yeni konfiqurasiyada tətbiq olunur. Daimi imkan alətləri aktivləşdirilib, açıq bazar əməliyyatlarının çeşidi genişləndirilib, məcburi ehtiyat normalarının differensiallaşması qaydası dəyişib. Həm yerli pul siyasəti alətlərinin tətbiqi, həm də maliyyə bazarlarının infrastrukturunun inkiafı istiqamətində görülən işlər pul bazarında aktivləşmə ilə müşaiyət olunur. Hazırda Azərbaycanda pul bazarı əsasən 2 seqmentdən ibarətdir: təminatsız və təminatlı seqmentlər. Təminatsız seqment “Bloomberg” platforması üzərində fəaliyyətdədir. Təminatlı seqment isə repo bazarıdır, “Bakı Fond Birjası” QSC-nin platforması üzrərindən işləyir. Hər iki istiqamətdə yaranan aktivləşmə reprezentativ faiz indekslərinin formalaşmasına şərait yaradır. Bu reprezentativ faiz indeksləri gündəlik əsasda heaablanaraq ictiamiyyətə açıqlanır. Müsbət haldır ki, hər iki seqmentdə formalaşan faizlər AMB-nin faiz dəhlizinə reaksiya verməyə başlayıb. Biz pul siyasətinin faiz transmissiyasının birinci həlqəsinin artıq işlədiyini deyə bilərik”, – deyə o qeyd edib.