Bugün neft niyə ucuzlaşır? - SƏBƏBLƏR
Benchmark neft qiymətləri bir gün əvvəl əhəmiyyətli bir artımdan sonra bugün səhər azalır. Treyderlər Federal Ehtiyat Sisteminin və Avropa Mərkəzi Bankının uçot dərəcəsini daha da artıra biləcəyindən narahatdırlar ki, bu da yanacağa olan tələbatı azalda bilər.
Londonun ICE Futures birjasında saat 9:00-a Brent markalı neftin avqust fyuçerslərinin kotirovkaları bir barel üçün 75,49 dollardır ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,18 dollar (0,2%) aşağıdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində cümə günü səhər saatlarında WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 0,16 dollar (0,2%) ucuzlaşaraq bir barelə görə 70,46 dollar təşkil edib.
Çərşənbə günü FED-in rəhbərliyi baza dərəcəsinin diapazonunu (illik 5-5,25%) dəyişməmək qərarına gəlib, lakin istehlak qiymətlərinin artımını cilovlamaq üçün bu il onun daha da artırılması ehtimalına işarə edib.
Avropa Mərkəzi Bankı proqnozlaşdırıldığı kimi, cümə axşamı günü keçirilən iclasdan sonra hər üç əsas faiz dərəcəsini 25 əsas bənd artıraraq, son 22 ilin ən yüksək səviyyəsinə qaldırdı. Eyni zamanda bankın prezidenti Kristin Laqard inflyasiya ilə mübarizədə qarşıya qoyulan məqsədlərə hələ də nail olunmadığını bildirib. Onun sözlərinə görə, mərkəzi bankın iyul ayında yenidən dərəcələri artırması mümkündür.