Azərbaycan əhalisi xərclərin 53 faizinə ərzaq alıb - STATİSTİKA
2023-cü ilin yanvar-may aylarında əhali pərakəndə ticarət şəbəkəsindən 20 milyard 769,5 milyon manatlıq istehlak malları alıb. ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.
Əhali 11 milyard 956 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına, 8 milyard 813,5 milyon manatı qeyri-ərzaq mallarına xərcləyib.
2023-cü ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,9%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,4%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,4%, fərdi sahibkarlar üzrə 3,6%, bazar və yarmarkalarda 4% artıb.
Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla ayda 235,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173,9 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb