"Bir neçə bankın bağlanma riski qalır"
Azərbaycanda bank sistemi 2018-ci ildə yaşadığı durğunluq dövrünü davam etdirir və hesab edirəm ki, bankların heç bir problemi aradan qaldırılmayıb". Bunu bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə ölkə iqtisadiyyatının inkişafı üzrə strateji yol xəritəsinə görə, 2018-ci ildə ölkənin bank sisteminin sağlamlaşdırılması başa çatmalı idi, amma bu, baş vermədi.
O qeyd edib ki, buna səbəb 2016-cı ildən tətbiq edilməyə başlanan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olması olub: “Bu qanunun qüvvədə olma müddəti isə bu ilin martında başa çatır. Bu qanunun vaxtının artırılması ilə bağlı qanun layihəsi yoxdur və böyük ehtimalla olmayacaq. Bu isə o deməkdir ki, martın 4-dən sonra bağlanan bankda əmanətlər tam sığortalanmayacaq. Bu qanunun qüvvədə olduğu 3 il müddətdə sağlamlaşdırılması mümkün olmayan bankları ona görə bağlamadılar ki, banklarda xeyli sığortalanmış əmanət var. Və bu qədər bankı eyni vaxtda bağalayıb əmanəti qaytarmaq çətin olacaq. Odur ki bankların bağlanması təxirə salınıb”.